Univerium · Tələbə şəhərciyi

Tələbə bələdçisi

Yataqxanada yer üçün onlayn müraciət, şəxsi kabinet, müqavilənin imzalanması və mənzildəki nasazlıqlar barədə müraciət — addım-addım.

Kimin üçün: tələbələrVersiya: oktyabr 2026Şəkillərdəki adlar, FİN və telefonlar nümunədir
Başlanğıc

Sayt və imkanlar

Saytda yataqxanaya qeydiyyatdan keçirsiniz, müqaviləni elektron imzalayırsınız, yataqxanada yaşayanda isə mənzildəki nasazlığı bildirib ustanın işini izləyirsiniz.

Sınaq dövründə saytın ünvanı: https://dorm.az:4322

QeydiyyatMenyuda Qeydiyyat: FİN və doğum tarixi ilə yoxlama, sonra müraciət.
Şəxsi kabinetYuxarıdakı Kabinet düyməsi: müraciətin və müqavilənin vəziyyəti.
Müraciət etYataqxanada yaşayırsınızsa, kabinetdən nasazlıq və ya təminat (məsələn, masa, matras) üçün müraciət.
MəlumatXəbərlər, Qalereya, FAQ (qaydalar) və Əlaqə.

Telefonda menyu sağ yuxarıdakı ☰ düyməsi ilə açılır. Kompüterdə bölmələr yuxarıda sıra ilə görünür.

Sualınız varsa, əvvəlcə FAQ bölməsinə baxın: yataqxana qaydaları, qonaqlar, sakitlik saatları (22:00–07:00) və s. Cavab tapmasanız — Əlaqə bölməsindəki telefonlar və ya “Mesaj göndər” forması.

Telefonda sayt menyusu
Telefonda menyu.
Yeni tələbə

Qeydiyyat: yataqxanada yer üçün müraciət

Qeydiyyat üç addımdır: Yoxlama → Müraciət → Təsdiq. Bir FİN ilə yalnız bir müraciət qəbul olunur. Telefon nömrəsi başqa müraciətdə istifadə olunmamalıdır.

Addım 1 — Yoxlama

  1. Menyuda Qeydiyyat açın.
  2. FİN kod — şəxsiyyət vəsiqəsindəki 7 simvol (hərflər və rəqəmlər).
  3. Doğum tarixi — təqvimdən seçin.
  4. Yoxla basın.

FİN 7 simvol deyilsə, “Dəyər düzgün deyil” yazılır; boş sahədə — “Bu sahə mütləqdir”.

Bu FİN ilə müraciət artıq varsa, adətən forma açılmır: “Siz artıq qeydiyyatdan keçmisiniz.” və müraciətin statusu göstərilir — Gözləyir, Təsdiqlənib və ya İmtina edilib. Davam etmək üçün Şəxsi kabinetə keç.

Qeydiyyat, Yoxlama addımı: FİN və doğum tarixi
Yoxlama addımı.

Addım 2 — Müraciət məlumatları

Tələbə bazasında tapıldınızsa, yaşıl yazı çıxır: “Siz tələbə bazasında tapıldınız”. Təhlükəsizlik üçün bazadakı məlumatlar gizlədilib və sahələrdə boz rənglə göstərilir (məsələn, T***l, +994 50 *** ** 07).

  • Məlumat düzdürsə, sahəni boş saxlayın — o bazadan götürüləcək.
  • Dəyişmək lazımdırsa, yenisini yazın.
  • Bazada e-poçtunuz varsa, sahə əvəzinə ünvanın gizli forması görünür: giriş məlumatları bazadakı bu ünvana göndərilir. Ünvan köhnədirsə, yataqxana administrasiyası ilə əlaqə saxlayın.
Müraciət forması: bazadan tapılan tələbə, sahələrdə boz rəngli gizli məlumatlar
Bazada tapılan tələbə: boz yazılar bazadakı məlumatın gizli formasıdır.

Bazada tapılmadınızsa, sarı yazı çıxır: “Məlumat tapılmadı. Zəhmət olmasa məlumatları əl ilə doldurun.” Bütün sahələri özünüz doldurursunuz; müraciəti inzibatçı yoxlayır. FİN və doğum tarixini düzgün yazdığınızdan əmin olun — bazada olduğunuz halda tapılmamağınızın səbəbi adətən yazı səhvidir.

SahəMəcburiQeyd
Soyad, Adbəli*Ata adı — istəyə görə
CinsbəliQadın / Kişi
Mobil telefonbəli*Azərbaycan nömrəsi, məsələn 050 123 45 67. Müqavilə linki bu nömrəyə SMS ilə gələcək.
E-poçtbəli*Giriş məlumatları (istifadəçi adı və şifrə) bu ünvana göndərilir
Valideyn, Valideyn telefonuxeyrAna, Ata, Qəyyum, Digər qanuni nümayəndə
Fakültə, İxtisasxeyrƏvvəl fakültə, sonra ixtisas seçilir
Kursbəli1–6
Təhsil formasıxeyrƏyani, Qiyabi, Distant
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsixeyrməsələn AA 1234567
Otaq yoldaşının FİN koduxeyrBirlikdə yaşamaq istədiyiniz tələbə
Faktiki ünvanxeyr

* Bazada tapılmısınızsa və bu məlumat bazada varsa, sahəni boş saxlamaq olar.

Doldurduqdan sonra Müraciəti göndər. Geri birinci addıma qaytarır.

MesajNə etməli
Bu telefon nömrəsi ilə müraciət artıq mövcuddurÖz şəxsi nömrənizi yazın. Bir nömrə yalnız bir müraciətdə ola bilər.
Telefon nömrəsi düzgün deyil (+994XXXXXXXXX gözlənilir)Nömrəni 050 123 45 67 və ya +994501234567 şəklində yazın.
Bu FİN ilə müraciət artıq mövcuddurSiz artıq müraciət etmisiniz — kabinetə daxil olun.
Bu sahə mütləqdir / Cinsi seçin / E-poçt düzgün deyilQeyd olunan sahəni düzəldin.

Addım 3 — Təsdiq

“Müraciətiniz qəbul edildi” — müraciət inzibatçıya getdi və statusu Gözləyir.

  • İstifadəçi adınız ekranda yazılır: ad.soyad latın hərfləri ilə, məsələn tural.memmedov (belə ad artıq varsa, sonuna 2, 3… əlavə olunur).
  • İstifadəçi adı və şifrə e-poçtunuza göndərilir. Məktubu saxlayın və şifrəni heç kimə verməyin.

Şəxsi kabinetə keç — kabinetə daxil olun.

Müraciətiniz qəbul edildi, istifadəçi adı
Müraciət qəbul olundu.
i

Kabinetə daxil olduqca bu cihazda menyuda Qeydiyyat görünmür — təkrar qeydiyyata ehtiyac yoxdur.

Kabinet

Şəxsi kabinetə giriş

  1. Saytın yuxarısında Kabinet basın.
  2. E-poçtla gələn İstifadəçi adı və Şifrə yazın. Şifrəni göstər yazdığınızı göstərir.
  3. Daxil ol basın.

İstifadəçi adında böyük-kiçik hərf fərqi yoxdur. Giriş bu cihazda yadda qalır; sayta 7 gündən çox girməsəniz, yenidən daxil olmaq lazım gələcək.

MesajNə etməli
İstifadəçi adı və ya şifrə səhvdirMəktubdakı məlumatları diqqətlə yazın və ya şifrəni bərpa edin.
Hesab müvəqqəti bloklanıb, 15 dəqiqədən sonra yenidən cəhd edin10 səhv cəhddən sonra giriş 15 dəqiqəlik bağlanır. Gözləyin və ya şifrəni bərpa edin.

Kabinetdən çıxmaq üçün Çıxış. Başqasının telefonundan və ya ümumi kompüterdən istifadə edəndə mütləq çıxın.

Şəxsi kabinet giriş forması
Kabinetə giriş.
Kabinet

Şifrəni unutmusunuz

  1. Giriş formasında Şifrəni unutmusunuz? basın.
  2. FİN kod, Doğum tarixi və müraciətdəki E-poçt ünvanını yazın.
  3. Yeni şifrə göndər basın.
  4. E-poçtu yoxlayın: yeni şifrə gəlir, istifadəçi adı dəyişmir. Məktub yoxdursa, “Spam” qovluğuna baxın.

Məlumatlar müraciətdəki ilə tam üst-üstə düşməlidir. Təhlükəsizlik üçün sayt həmişə eyni cavabı verir: “Məlumatlar düzgündürsə, yeni şifrə e-poçtunuza göndəriləcək.” Məktub gəlmirsə, yataqxana administrasiyası ilə əlaqə saxlayın.

Şifrə bərpa olunanda giriş bloku açılır, digər cihazlardakı girişlər bağlanır.

Şifrənin bərpası forması
Şifrənin bərpası.
!

Kabinetin içində şifrəni özünüz dəyişə bilməzsiniz. Yeni şifrə yalnız bərpa yolu ilə alınır.

Qəbul

Müraciətin gedişatı

Kabinetdə “Qəbul müraciətinin gedişatı” bölməsi beş addımı göstərir. Yaşıl nöqtə — addım keçilib, sarı — indiki addım, boz — qarşıda, qırmızı — problem var.

AddımNə deməkdir
Müraciət göndərildiMüraciətin tarixi.
Müraciət baxılırİnzibatçı təsdiqini gözləyin. Təsdiqlənəndə “Müraciət təsdiqləndi”, rədd olunanda qırmızı “Müraciət rədd edildi” və səbəb.
Müqavilə göndərildiİmzalama linki SMS və e-poçt ilə gəlib.
Müqavilənin imzalanmasıSİMA, ASAN İmza və ya e-İmza ilə imza.
Yerləşməİmzadan sonra mənzil təyin olunur; sonra burada mənzil və tarix görünür.

“Məlumatlarım” bölməsində FİN, fakültə, kurs, telefon və e-poçt göstərilir. Səhv varsa, yataqxana idarəsinə müraciət edin — burada özünüz dəyişə bilməzsiniz.

Kabinet: qəbulun gedişatı və müqavilə imza gözləyir
Müqavilə göndərilib və imza gözləyir.
Qəbul

Müqavilə və elektron imza

1-ci kurs tələbələri üçün müraciət təsdiqlənən kimi müqavilə avtomatik hazırlanır və imzalama linki müraciətdəki mobil nömrəyə SMS ilə (və e-poçta) gəlir. Digər kurslar üçün müqavilə barədə məlumatı yataqxana idarəsi verir.

  1. SMS-dəki (və ya məktubdakı) linki açın.
  2. Müqaviləni oxuyun və SİMA, ASAN İmza və ya e-İmza ilə imzalayın.
  3. İmzadan sonra kabinetdə status avtomatik İmzalanıb olur (bir az vaxt ala bilər).
“Yataqxana müqaviləsi” statusuNə deməkdir
“Müqavilə hələ göndərilməyib”Müraciət hələ təsdiqlənməyib və ya müqavilə göndərilməyib.
İmza gözləyirLink göndərilib — SMS-i açıb imzalayın.
İmzalanıbMüqavilə imzalanıb. Yerləşmə barədə məlumatı yataqxana idarəsi verəcək.
İmtinaMüqavilə imzalanmayıb — yataqxana idarəsinə müraciət edin.
GöndərilmədiMüqaviləni göndərmək alınmadı (məsələn, telefon nömrəsi səhvdir) — yataqxana idarəsinə müraciət edin.

Müqavilənin faylı varsa, Müqaviləni aç (PDF) düyməsi ilə yükləyə bilərsiniz (imzalanıbsa — imzalı nüsxə).

Yaşayan tələbə

Yataqxanada yaşayırsınızsa

Mənzilə yerləşdiriləndən sonra kabinetin yuxarısında “Mənziliniz” kartı görünür: mənzilin nömrəsi, yataqxana, bina, blok və yerləşmə tarixi.

  • Müraciət et — mənzildə və ya ümumi sahədə (dəhliz, lift, həyət…) nəsə xarabdırsa və ya nəsə lazımdırsa, müraciət.
  • “Yataqxana müraciətlərim” — son müraciətləriniz; hamısı üçün Hamısına bax →.
  • Müqavilə, “Məlumatlarım” və “Qəbul tarixçəsi” aşağıda qalır.

Yeni sistemdən əvvəl yerləşdirilmisinizsə də, mənziliniz burada görünür.

!

Mənziliniz və “Müraciət et” düyməsi kabinetdə yalnız qeydiyyat zamanı tələbə bazasında tapılmısınızsa görünür. Yataqxanada yaşayırsınız, amma “Mənziliniz” kartı yoxdur — yataqxana administrasiyasına müraciət edin.

Mənziliniz kartı və Müraciət et düyməsi
Yaşayan tələbənin kabineti.
Yataqxana müraciəti

Müraciət etmək

Kabinetdə Müraciət et basın və müraciətin növünü seçin:

NövNə üçünKim baxır
Texniki problemElektrik, su, istilik, qapı, mebel təmiri, internet və s. nasazlıqlarusta
TəminatMasa, oturacaq, matras, yataq dəsti və digər inventaradministrasiya təsdiqləyir, anbar verir
Mənzil dəyişməBoş yeri olan başqa mənzilə köçməkadministrasiya
TəmizlikPlanlı təmizlikdən imtina və ya növbədənkənar təmizlikadministrasiya
Gec daxilolmaYataqxanaya gec gəlmək üçün icazəadministrasiya
Kommersiya fəaliyyətiYataqxanada kommersiya fəaliyyəti üçün icazəadministrasiya

Hər növ üzrə eyni anda bir açıq müraciət ola bilər: nəticəsini gözləyin, sonra yenisini göndərin. Belə növ siyahıda “Bu növ üzrə açıq müraciətiniz var” yazısı ilə görünür. Texniki problemdən başqa növlər aşağıda izah olunur.

Müraciət növünün seçimi: Texniki problem, Təminat, Mənzil dəyişmə, Təmizlik, Gec daxilolma, Kommersiya
Növün seçimi. Açıq müraciəti olan növ seçilmir.

Texniki problem

Bir müraciət — bir yer (öz mənziliniz və ya bir ümumi sahə). Bir müraciətə 5-ə qədər problem yazmaq olar, hər birinin öz kateqoriyası və statusu olur, fərqli ustalar həll edə bilər.

  1. Kabinetdə Müraciət et → Texniki problem basın.
  2. 1. Yer: Öz mənzilim (mənziliniz avtomatik yazılır) və ya Ümumi sahə (dəhliz, lift, həyət…). Ümumi sahə üçün Bina, Sahə və istəsəniz Mərtəbə seçin.
  3. 2. Problemlər: Kateqoriya seçin və Təsvir yazın — nə baş verib, harada, qısa və dəqiq (1000 simvola qədər).
  4. İstəsəniz Şəkil əlavə et (3-ə qədər) — hər problemə 3 şəkil, hər biri 10 MB-a qədər (JPEG, PNG, WebP). Səhv şəkli × ilə silin.
  5. Başqa nasazlıq da varsa, Problem əlavə et və təkrarlayın. Artıq problemi Problemi sil ilə silin.
  6. Göndər basın. Müraciətin kartı açılır, “Müraciət göndərildi” yazılır.

Kateqoriyalar: Elektrik, Santexnika, Soyuducu, İstilik və isti su, Qapı və kilid, Mebel, İnternet, Təmizlik, Digər.

Doldurulmuş müraciət forması: iki problem, şəkil
İki problemli müraciət.
i

Kateqoriya boz və seçilmirsə — bu mənzildə həmin kateqoriya üzrə açıq müraciət artıq var (sizin və ya mənzil yoldaşınızın), usta onu həll edəcək. Eyni problemi ikinci dəfə göndərmək lazım deyil. Ümumi sahə üçün də eyni qayda var: həmin yerdə bu problem üzrə açıq müraciət varsa, göndərəndə “Bu sahə üzrə bu problemlə bağlı artıq açıq müraciət var” yazılır.

Bir müraciətdə eyni kateqoriyanı iki dəfə seçmək olmur.

!

Təhlükə varsa (qığılcım, tüstü, yanıq iyi, açıq naqil, güclü su basması, qapıda qalmısınız) — müraciətlə yanaşı dərhal yataqxana administrasiyasına zəng edin.

Kateqoriya siyahısı: biri boz, artıq müraciət var
Boz kateqoriya üzrə mənzildə artıq açıq müraciət var.
Boş sahələr: Bu sahə mütləqdir
Kateqoriya və təsvir mütləqdir.

“Müraciət et” düyməsi yalnız mənzilə yerləşdirilmiş tələbələrin kabinetində olur.

Prioriteti (təcililiyi) siz seçmirsiniz: o kateqoriyaya görə təyin olunur, lazım olsa inzibatçı dəyişir.

Yataqxana müraciəti

Digər müraciətlər

Təminat, mənzil dəyişmə, təmizlik, gec daxilolma və kommersiya fəaliyyəti üçün müraciətə yataqxana administrasiyası baxır və qərar verir. Müraciətin nömrəsi M- ilə başlayır (məsələn, M-12).

Təminat

  1. Əşya seçin, Say yazın (1–10) və Səbəb seçin: “Yoxdur”, “Sayı çatmır” və ya “Dəyişdirilməlidir”.
  2. Başqa əşya lazımdırsa, + Əşya əlavə et (bir müraciətdə 5-ə qədər). İstəsəniz Qeyd yazın.
  3. Göndər basın.

Administrasiya müraciəti təsdiqləyir (lazım olsa, sayı azalda bilər), sonra anbar əşyanı verir: status “Təsdiqləndi”, sonra “Verildi”. Anbarda yoxdursa — “Verilmədi” və səbəbi.

Təminat forması: Matras və Oturacaq, say və səbəb
İki əşya ilə təminat müraciəti.

Mənzil dəyişmə

  1. Bina seçin. Siyahıda bu binanın sizə uyğun boş yeri olan mənzilləri görünür: neçə boş yer var və orada kim yaşayır — adı, ixtisası, kursu.
  2. İstədiyiniz mənzili seçin, Səbəb yazın və Göndər basın.

Təsdiqdən sonra administrasiya sizi yeni mənzilə köçürür — status “İcra olundu”, kabinetdə yeni mənziliniz görünür. Bu vaxt ərzində həmin mənzildə yer qalmasa, müraciət imtina edilə bilər.

Mənzil seçimi: boş yerlər və orada yaşayanların adı, ixtisası, kursu
Bina seçildi, mənzillər boş yerlər və sakinlərlə.
i

Mənzil seçimində digər tələbələrin yalnız adı, ixtisası və kursu görünür. Sizin də adınız, ixtisasınız və kursunuz başqa tələbələrə eyni qaydada görünə bilər.

Təmizlik

Planlı təmizlikdən imtina və ya Növbədənkənar təmizlik seçin, Tarix (bu gündən) və Səbəb yazın.

Gec daxilolma

  1. Birdəfəlik (bir tarix) və ya Müəyyən müddət üçün (başlanğıc və son tarix, 180 günə qədər) seçin.
  2. Nəzərdə tutulan giriş saatı və Səbəb yazın.
  3. Sənəd əlavə et — məsələn, iş yerindən arayış (JPG, PNG, PDF, DOC; 10 MB-a qədər, 5 sənədə qədər).

Təsdiqlənən icazə müraciətin kartında böyük “Gec giriş icazəsi” kartı kimi görünür: adınız, mənziliniz, tarixlər və saat, “Etibarlıdır”. Girişdə növbətçiyə bu kartı göstərin; növbətçidə də həmin günün icazələr siyahısı olur. Müddət bitəndə kartda “Müddəti bitib” yazılır.

Gec daxilolma forması: müddət, giriş saatı, səbəb, arayış
Müraciət: müddət, saat, səbəb və arayış.
Gec giriş icazəsi kartı: ad, mənzil, tarixlər, saat, Etibarlıdır
Təsdiqlənmiş icazə — girişdə göstərin.

Kommersiya fəaliyyəti

Fəaliyyətin növü, Təsvir, Yer, başlanğıc və son tarix, istəsəniz istifadə ediləcək avadanlıq yazın və lazım olan sənədləri əlavə edin. Təsdiqlənən icazə də kartda görünür; administrasiya şərtlər yaza bilər.

Statuslar və cavab

StatusMənası
GöndərildiMüraciət baxılmağı gözləyir. Bu vaxt onu Müraciəti geri götür ilə geri götürə bilərsiniz.
Əlavə məlumat lazımdırAdministrasiya sual verib və ya sənəd istəyib — kartda nə lazım olduğu yazılır. Sənədi əlavə edin, Cavabınız yazın və Cavab göndər basın.
TəsdiqləndiRazılıq verilib. Təminat və mənzil dəyişmədə sonra icra gəlir (“Verildi”, “İcra olundu”).
İmtina edildiKartda səbəbi yazılır.
Geri götürüldüSiz müraciəti geri götürmüsünüz.
Verildi / VerilmədiTəminat: anbar əşyanı verdi və ya verə bilmədi (səbəbi ilə).
İcra olunduMənzil dəyişmə: köçürüldünüz.
Müddəti bitibGec daxilolma və ya kommersiya icazəsinin müddəti keçib.
Ləğv edildiAdministrasiya icazəni müddəti bitməmiş geri alıb; kartda “Ləğv səbəbi” yazılır. İcazə artıq etibarlı deyil, girişdə göstərmək olmaz. Lazım olsa, yeni müraciət göndərə bilərsiniz.
Əlavə məlumat lazımdır: administrasiyanın sualı və cavab sahəsi
Administrasiya əlavə məlumat istəyib — sənəd əlavə edin və cavab yazın.

Status dəyişəndə e-poçtunuza məktub da gəlir (e-poçt göstərilibsə).

Yataqxana müraciəti

Müraciəti izləmək

Bütün müraciətlər: kabinetdə Hamısına bax →. Yuxarıda üç bölmə var: Hamısı, Davam edir (açıq müraciətlər), Bağlandı (bağlanmış müraciətlər).

Hər kartda: müraciət nömrəsi, Açıq və ya Bağlandı, yer, kateqoriyalar və tarix. Müraciət bütün problemləri bağlananda “Bağlandı” olur. Açıq müraciətdə “1/2 həll olundu” kimi yazılır — neçə problemin həll olunduğu (ləğv edilənlər sayılmır). Geri götürülmüş müraciət “Ləğv edildi” kimi göstərilir.

Karta basın — müraciətin kartı açılır. Hər problem üçün görürsünüz:

  • status və prioritet, işi götürən ustanın adı (“Usta”);
  • gözləmədədirsə — səbəb və gözlənilən tarix;
  • bağlanıbsa — “Nəticə”: ustanın qeydi və ya səbəb;
  • şəkillər və statusların tarixçəsi (hansı status nə vaxt).

E-poçtunuz varsa, məktub da gəlir: müraciət qəbul olunanda, usta təyin olunanda, iş gözləməyə keçəndə, həll olunanda, həll olunmayanda və inzibatçı ləğv edəndə.

Müraciət kartı: dörd problem müxtəlif statuslarda
Bir müraciətdə dörd problem — hər birinin öz statusu.
Yataqxana müraciəti

Problemin statusları

StatusNə deməkdir
GöndərildiMüraciət qəbul olunub, usta gözlənilir.
Yönləndirildiİnzibatçı işi konkret ustaya verib, usta hələ qəbul etməyib.
Qəbul edildiUsta işi götürüb — adı “Usta” sətrində görünür.
İcradaUsta işə başlayıb.
Gözləmədəİş dayanıb: hissə, material və s. gözlənilir. Səbəb və gözlənilən tarix yazılır.
Həll olunduProblem həll olunub. “Nəticə”də ustanın qeydi ola bilər.
Həll olunmadıHəll etmək mümkün olmayıb, səbəb yazılıb. İnzibatçı işi yenidən aça bilər.
Ləğv edildiMüraciəti geri götürmüsünüz və ya inzibatçı təkrar müraciəti səbəb göstərərək bağlayıb.
Yataqxana müraciəti

Problem əlavə etmək, şəkil, geri götürmək

Açıq müraciətə yeni problem

  1. Müraciətin kartında Problem əlavə et basın.
  2. Kateqoriya seçin, Təsvir yazın, Əlavə et.
  3. Şəkli sonra problemin altındakı Şəkil əlavə et ilə əlavə edin.

Bir müraciətdə ən çox 5 problem olur. Müraciət bağlanıbsa, yeni müraciət göndərin.

Yeni problem forması
Yeni problem.
Problem əlavə edildi
Problem müraciətə əlavə olundu.

Şəkil əlavə etmək

Problem açıq olduqca və problemdə 3-dən az şəkil olduqca (ustanın şəkilləri də sayılır), problemin altında Şəkil əlavə et görünür. Şəkli silmək mümkün deyil.

Müraciəti geri götürmək

Səhv göndərmisinizsə və ya problem özü düzəlibsə: kartda Müraciəti geri götür → “Müraciət ləğv edilsin?” → Bəli. Bütün problemlər Ləğv edildi olur.

!

Geri götürmək yalnız bütün problemlər hələ “Göndərildi” olanda mümkündür. Usta işi götürübsə, müraciəti ləğv etmək olmur — yataqxana administrasiyasına deyin. Ayrı bir problemi ləğv etmək mümkün deyil, yalnız bütün müraciəti.

Rahatlıq

Saytı telefona tətbiq kimi quraşdırmaq

Saytı telefonun ana ekranına əlavə etsəniz, o “Univerium” ikonu ilə ayrıca tətbiq kimi açılacaq. Mağazadan heç nə yükləmək lazım deyil.

Android (Chrome)
  1. Saytı Chrome-da açın.
  2. ⋮ menyusu.
  3. Tətbiqi quraşdır və ya Əsas ekrana əlavə et.
iPhone (Safari)
  1. Saytı Safari-də açın.
  2. Paylaş düyməsi.
  3. Əsas ekrana → Əlavə et.

Menyu adları telefonun dilinə görə bir az fərqli ola bilər. Tətbiq internetsiz işləmir.

Kömək

Problemlər və həlli

Giriş məlumatları olan məktub gəlmədi

“Spam” qovluğuna baxın. Yoxdursa, şifrəni bərpa edin — müraciətdəki FİN, doğum tarixi və e-poçt lazımdır. Yenə gəlmirsə, yataqxana administrasiyasına zəng edin.

Bazadakı e-poçtum köhnədir

Bazada e-poçt varsa, giriş məlumatları ora göndərilir və saytda dəyişmək olmur. Yataqxana administrasiyası ilə əlaqə saxlayın.

Müqavilə üçün SMS gəlmədi

Kabinetdə “Yataqxana müqaviləsi” statusuna baxın. “Müqavilə hələ göndərilməyib” — müraciət hələ təsdiqlənməyib və ya müqavilə göndərilməyib. “Göndərilmədi” — nömrədə problem var, yataqxana idarəsinə müraciət edin.

Kateqoriyanı seçə bilmirəm (boz)

Bu mənzildə həmin kateqoriya üzrə açıq müraciət artıq var — sizin və ya mənzil yoldaşınızın. Gedişatı yoldaşınızdan soruşun və ya yataqxana administrasiyasına deyin.

“Serverlə əlaqə yoxdur. İnternet bağlantısını yoxlayın.”

İnternet bağlantısını yoxlayın və yenidən cəhd edin.

“Sistem yenilənir. Bir neçə saniyədən sonra yenidən cəhd edin.”

Sayt yenilənir. Yarım dəqiqə gözləyin və təkrar edin. Aşağıda “Sistem yeniləndi” yazısı çıxsa, Yenilə basın.

“Çox tez-tez sorğu”

Qısa vaxtda çox cəhd olub. Göstərilən saniyə qədər gözləyin.

Məlumatlarımda səhv var

Kabinetdə özünüz dəyişə bilməzsiniz — yataqxana idarəsinə müraciət edin.

Əlaqə
Telefon / WhatsApp+994 (010) 234 66 85, +994 (010) 260 43 88
E-poçtkhankendi@univerium.az
İş saatları09:00 – 18:00
ÜnvanXankəndi şəhəri, AZ2600